“Bakı Metropoliteni” məktəbliləri sevindirib
HTML-код
- Опубликовано: 28 дек 2024
- Bilik günü ilə əlaqədar “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyəti sosial aksiya keçirib. Metrodan istifadə edən məktəblilərə hədiyyələr paylanılıb. Balaca sərnişinlərə Azərbaycanın mədəniyyəti, tarixi və metro stansiyalarının adlarına dair maraqlı sual-tapmacalar verilib, əvəzində uşaqlar müxtəlif dərs ləvazimatları ilə mükafatlandırılıblar.
“Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev şagirdlərə sürpriz etmək istədiklərini bildirib: “Belə qərara gəldik ki, metropolitendən istifadə edən məktəblilərə hər hansı sürpriz edək. Bu stansiyadan başlayırıq, bütün stansiyalarda davam etdiriləcək. Məktəbə ilk qədəmlərini qoyan şagirdlər üçün sürprizimiz var. Onlar üçün tapmacalar hazırlamışıq. Həmin şagirdlərə tapmacaları təqdim edəcəyik. Əsas məqsəd sualın cavabını bilib-bilməməyi deyil, həm də eyni zamanda bilmədiyi şeyləri öyrənməsinə xidmət etməkdir”.
Balaca məktəblilər aksiyaya böyük həvəslə qatılıblar. Kiçik viktorinada metropoliten nümayəndələrinin suallarına cavab verənlər də hədiyyə qazanıb, cavabı bilməyənlər də. Nəticədə məktəblilər hədiyyə ilə yanaşı, bəzi tarixi faktları da öyrənmiş olublar.
Söhbət etdiyimiz valideyn də bu tədbiri dəstəklədiyini dedi: “Ümumiyyətlə, elmin inkişafı ilə bağlı bütün tədbirləri dəstəkləyirik. Həmişə elmin inkişafı ən birinci körpələrdən başlamalıdır. Körpələrin də inkişafı həm xalqımız, həm də dövlətimiz üçün böyük önəm daşıyır”.
Aksiyada iştirak edən məktəblilər də çox sevincli görünürdülər.
Ayşə Oruclu: “Çox xoşuma gəldi. Çünki biliklə bağlı suala hədiyyə verməkləri çox xoşuma gəldi”.
Murad Əliyev: “Məktəbi çox sevirəm, hər gün 5 qiymətlər alıram. Mən məktəbdə çoxlu kitablar oxuyuram, ona görə də bilikliyəm”.
Mədinə: “7 yaşım var. 5 qiymət alıram dərslərimdən”.
Aksiyanın keçirildiyi metronun Elmlər Akademiyası stansiyasının əsas girişi 5 aylıq təmir işlərindən sonra istifadəyə verilib. Bu müddət ərzində vestibüldəki 3 eskalator daha müasirləri ilə əvəzlənib. Stansiyanın özündə də təmir işləri aparılıb. Arxitektur quruluşa toxunulmadan, sadəcə köhnəlmiş elementlər yenilənib, şəbəkələr təmizlənib və yerinə bərpa olunub. Stansiyada bir sıra yeniliklər də həyata keçirilib.
Nəsimi Paşayev görülən işlər barədə məlumat verib: “Yeniliklərdən biri də görmə əngəlli insanlar üçün yeni sarı zolaqların salınmasıdır. Qapıdan daxil olarkən həmin sarı zolaq vasitəsilə turniketdən keçməklə birbaşa eskalatora keçəcək, sonra da qatara minə biləcəklər. Yenə də həmin zolaqlar vasitəsilə stansiyadan kənara da çıxa biləcəklər”.
“Elmlər Akademiyası” Bakı Metropolitenin sərnişinlərin ən çox müraciət etdiyi stansiyasıdır. Gündəlik təxminən 35 min sərnişin buradan istifadə edir.