Xaçmazda "Zəfərimiz Əbədidir" tədbiri keçirilib.
HTML-код
- Опубликовано: 19 дек 2024
- Tədbir, Ümummilli Lider Heydər Əliyevin və Vətənimizin ərazi bütövlüyü uğrunda şəhid olmuş qəhrəmanlarımızın xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. ATİAHİ Respublika Komitəsi və Xaçmaz Rayon Komitəsinin təşkilatçılığı ilə keçirilən tədbirdə 44 günlük Vətən müharibəsində göstərilən igidlik və qəhrəmanlıq hekayələri vurğulanıb. Xaçmaz rayonunun Azərbaycanın qəhrəmanlıq tarixində xüsusi yerə sahib olduğu qeyd edilib. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin strateji rəhbərliyi və qətiyyətli qərarları nəticəsində xalqın müharibə zamanı nümayiş etdirdiyi həmrəyliklə bu tarixi qələbənin əldə edilməsi xüsusi qeyd olunub.
ATİAHİ sədrinin müşavir-katibi Elşad Novruzov tədbirdə çıxış edərək, cənab Araz Paşayevin salamlarını tədbir iştirakçılarına çatdırıb və müharibənin yalnız döyüş meydanında deyil, cəmiyyətin bütün sahələrinə dərin təsir buraxdığını bildirib. O, Xaçmazda təhsil sahəsində çalışan 13 şəhid valideyninin fədakarlığını və vətənpərvərlik ruhunun qorunmasında onların rolunu xüsusi qeyd edib. Eyni zamanda, təhsil sahəsində fəaliyyət göstərən 5 şəhid xanımının və 8 qazinin xalqımızın əzmkarlığını nümayiş etdirdiyini vurğulayıb. Elşad Novruzov, həmçinin 37 müharibə veteranının təhsil işçisi olaraq öz həyat təcrübələrini və qəhrəmanlıq hekayələrini gənclərə ötürərək milli ruhun yaşadılmasına verdiyi töhfədən bəhs edib.
Tədbirdə Hacisaoba kənd ibtidai məktəbinin müəllimi və şəhid anası Bibixanım Mirzəmmədova, Azərbaycanın Milli Qəhrəmanı Yavər Şahbazovun qardaşı və rayonun Çaykənarı kənd tam orta məktəbinin ilk həmkarlar təşkilatının sədri Yanvar Şahbazov, Vətən müharibəsi iştirakçısı və rayonun Arzu kənd tam orta məktəbinin direktoru Vüqar Həbibov, ATİAHİ Xaçmaz Rayon Komitəsinin sədri Yaşar Abbasov da çıxış edərək Zəfər Gününün əhəmiyyətini və Azərbaycanın bu tarixi qələbəsini vurğulayıblar.
Tədbirin sonunda Xaçmazda təhsil sahəsində çalışan şəhid valideynlərinin, şəhid xanımlarının və qazilərin fədakarlığı yüksək qiymətləndirilib və onlara Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Xaçmaz Rayon Komitəsi tərəfindən maddi yardımlar təqdim edilib.