Aşıq Mirze Bilal 140 (1-ci hissə)

Поделиться
HTML-код
  • Опубликовано: 17 апр 2015
  • 2012-ci il noyabrIn 16-da Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Azərbaycanın görkəmli saz və söz ustası Aşıq Mirzə Bilalın anadan olmasının 140 illiyinə həsr edilmiş təntənəli yubiley mərasimi keçirilmişdir.
    Tanınmış folklorşünas, professor Məhərrəm Qasımlının aparıcılığı ilə keçirilən yubiley tədbirində elm və mədəniyyət xadimləri, ziyalılar, sənət adamları, unudulmaz sənətkarın oğlu və nəvələri iştirak etmişlər.
    Tədbirdə Azərbaycan Aşıqlar Birliyinin sədri, Xalq Şairi Zəlimxan Yaqub, professor Babaxan Niyazlı, filologiya elmləri doktoru, professor Qəzənfər Paşayev və folklorşünas, professor Seyfəddin Qəniyev çıxış edərək Mirzə Bilalın mənalı, həm də faciəli ömür yolundan, onun XIX əsr Şirvan aşıq sənətinin formalaşmasında xidmətlərindən, ecazkar aşıq sənətinə gətirdiyi yeniliklərdən söhbət açmışlar.
    Çıxış edənlər Mirzə Bilal yaradıcılığının ayrı-ayrı məziyyətlərini təhlil edərək onun Aşıq Şakir, Aşıq Əhməd, Aşıq Rza, Aşıq Məmmədağa, Aşıq Yanvar kimi sənət ustalarının yetişməsində rolundan bəhs etmiş, ölməz sənətkarın yaradıcılıq nümunələrinin hələ uzun illər axtarış və tədqiqata ehtiyacı olduğunu vurğulamışlar.
    Şirvan aşıq məktəbinin banisi hesab edilən Mirzə Bilal Şamaxının Əngəxaran kəndində yaşayan Aşıq İbrahimdən bu sənətin sirlərini öyrənmiş, Seyid Əzim Şirvaninin “Beytüs-Səfa” məktəbində dərs almışdır. Ərəb və fars dillərini mükəmməl bildiyi üçün klassik poeziyaya dərindən bələd olmuşdur. Böyük xeyriyyəçi Mahmud Ağanın musiqi məclislərində iştirak etməsi isə aşığın həm də xanəndə kimi yetişməsinə böyük təsir göstərmişdir.
    Aşıq Bilalın Üzeyr Hacıbəyli, Cabbar Qaryağdıoğlu, Seyid Şuşinski kimi dəyərli insanlarla dostluğu da xatırlanmışdır.
    Diqqətə çatdırılmışdır ki, “Havar-koxa”, “Güdayı”, “Kart-kurt”, “Bilal gözəlləməsi” havalarının müəllifi olan Aşıq Mirzə Bilal 1928-ci ildə Bakıda keçirilən Azərbaycan aşıqlarının birinci qurultayında “Qızıl Azərbaycan aşığı” fəxri adına layiq görülmüşdür.
    Qeyd edilmişdir ki, şeirləri və bəstələdiyi mahnıları ilə nəinki Azərbaycanda, hətta İranda, İrəvanda, Gürcüstanda, Dağıstanda da məşhur olan Aşıq Mirzə Bilal 1937-ci ildə, 65 yaşında ikən sovet rejiminin repressiyasının qurbanı olmuşdur. Görkəmli el sənətkarının bütün əmlakı, o cümlədən əlyazmaları müsadirə edilmişdir.
    Yalnız məxfi arxivlər açıldıqdan sonra Aşıq Bilalın başına gətirilən müsibətlər üzə çıxmışdır. Yalnız Səttar Axundov, Mürsəl Mürsəlov və Seyfəddin Qəniyev kimi aşıq sənəti vurğunlarının gərgin əməkləri sayəsində Aşıq Bilalın kitabları işıq üzü görmüşdür.
    Yubiley tədbirində xanəndələr və aşıqlar Azərbaycan aşıq ədəbiyyatının görkəmli nümayəndəsi Mirzə Bilalın sözlərinə bəstələnmiş mahnıları ifa etmişlər. Bədii qiraət ustaları el sənətkarının dillər əzbəri olan şeirlərini səsləndirmişlər.
    Aşıq Bilalın oğlu Şəfi Mikayılov mədəniyyət xadimlərinə göstərilən diqqət və qayğıya, o cümlədən atasının xatirəsinin əziz tutulduğuna görə dövlətimizin başçısı İlham Əliyevə, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyevaya dərin minnətdarlığını bildirmişdir.

Комментарии • 1

  • @MkBilal-bn8cx
    @MkBilal-bn8cx Год назад +1

    Men bir Neve olaraq,babamın adını dawimagimla qurur vefezr edirem.Allah zehmeti kecen bütün yaradı i insanlara KOMEK olsun Yaxwi ki, sizinkimi insanlar bizim kecmiwde yawayi. yaradan insanlri unutmurlar.Haminiza ailemiz adından cox-cox tewekur edirem.