"Kürdəxanı" təcridxanasında dəhşətli işgəncə faktları

Поделиться
HTML-код
  • Опубликовано: 10 сен 2024
  • “Təcridxananın yüksək rütbəli əməkdaşları işgəncələri Ombudsmanın təcridxana divarlarına yapışdırdığı azərbaycan və ingilis dillərində “İşgəncəyə yox!” şüarlarının altında verir”
    Bu yazıda sizə 1 saylı Bakı İstintaq Təcridxanası istintaq yox, işgəncə təcridxanası olmağından bəhs edəcəyəm.
    Əvvəlcə onu qeyd edim ki, işgəncələrlə bağlı dəfələrlə Penitensiar Xidmətin rəhbərliyinə, təcridxana rəhbərliyinə, Ombudsmana müraciət etsək də, ciddi tədbir görülmədi. Ondan sonra qərara gəldim ki, şahidi olduğum, eşitdiyim işgəncə və qeyri-insani rəftar hallarının qeydiyyatını aparım və 6 aylıq kiçik bir hesabat hazırlayım.
    2023-cü il noyabrın 20-də həbs olundum. Noyabrın 22-dən xalq arasında “Kürdəxanı həbsxanası” kimi tanınan Bakı İstintaq Təcridxanasında saxlanılırıq. İlk həftələrdə şikayətlərlə bağlı tez-tez məhkəmələrə getdiyimizdən hadisələrdən çox da məlumatlı deyildim. Dekabrın 20-dən sonra sistemli işgəncə hallarını eşitməyə başladım. Bu ilin yanvarından işgəncə faktlarını saymağa başladım.
    Əvvəlcə işgəncələrin sadəcə səslərini eşidirdim: sillə, təpik, yumruq, dubinka, söyüş, təhqir. Sonra isə qeyri-insani rəftar və işgəncə hallarını öz gözlərimlə görməyə başladım: döymək (üzdə, bədəndə ciddi xəsarətlər), məhbusu qandalla korpuslarda dəmir barmaqlıqlar olan arakəsmələrdən asmaq (yuxarıdan asmaq, ortadan qandallamaq, lap aşağıdan bağlamaq), günlərlə beton döşəmə üstündə yatızdırmaq, məhbusu yerdən bir əlini çarpayının baş tərəfindəki, digərini isə aşağı tərəfdəki ayağına qandallayıb gecə 12 saat saxlamaq, məhbusu başı aşağı əllərini və ayaqlarını dəmir barmaqlıqlardan qandalla asmaq və dubinka ilə döymək, dustağı yerə yıxaraq üstünə çıxıb döymək, tapdalamaq, əlil, xəstə olduğunu deyən adamları döymək, saç-saqqalı qırxmaq, söyüş, təhqir, hədələmək...
    Məhbuslara işgəncə adətən səhər saat 9-10 arası verilir. Hansısa qaydanı pozduğuna görə, yaxud da cinayət törətməkdə şübhəli bilinərək saxlanılan məhbusları etiraz edib haqqını tələb etdiyinə görə axşam və ya səhər gətirib korpuslardakı “kars”lara salır, “reşotka” arakəsmələrə qandallayırlar. Səhər təxminən saat 10-da isə müavinlər gəlib həmin məhbusları döyməklə, hədələməklə, təhqir etməklə cəzalandırmağa başlayırlar.
    İşgəncələr Penitensiar Xidmətin idarəçilik normasına çevrilib. Təsəvvür edin, səhər oyanıb yemək yeməyə, yaxud kitab oxumağa başlayırsan, bir də görürsən qışqırtı, işgəncə səsləri də başlayır. Bu yolla həm dustağı cəzalandırırlar, həm də digər məhbusların gününü zəhər edib onlara da dolayısı ilə “dərs verirlər”.
    Etiraz edirsən, Ombudsmanın divarlara vurduğu “İsgəncəyə yox!” şüarını qışqırırsan, müavinlər gəlib təəccüblə soruşurlar ki, “Nə məsələdir?” Mübahisə, etiraz, narazılıq... Sonra sakitlik yaranır. Üç-beş gün fasilə verilir, ondan sonra eyni ssenari yenidən təkrarlanır.
    1 saylı Bakı İstintaq Təcridxanasının rəisi Elnur İsmayılovla müavinləri zorakılıq hallarına haqq qazandırmaq üçün deyirlər ki, döyülənlər problemli məhbuslardır. Guya onları döyməsələr, təcridxana idarəolunmaz hala gələr. İdarəçilikdə səriştəsizliklərini bununla ört-basdır etməyə çalışırlar.
    Martın 13-də Penitensiar Xidmətdən Rövşənadlı əməliyyatçı-polkovnik gəlmişdi. 1976-cı il təvəllüdlü bu şəxs xidmət rəisi general Mirsaleh Seyidova birbaşa ona məruzə etdiyini və onun tapşırığı ilə görüşə gəldiyini dedi. Söhbətimiz beş saata yaxın davam etdi. Onun bir saatını işgəncələrdən danışdıq. Mən deyirdim, olmaz, işgəncə cinayətdir, o isə işgəncə, qeyri-insan rəftar hallarına haqq qazandırırdı. Bu, o demək idi ki, Mirsaleh Seyidov da bu işgəncələrdən xəbərdardır və o da məhbuslara verilən işgəncələri müdafiə edir. Rəhbərlik istəməsə, ciddi nəzarət etsə, dustaqlara sistemli işğəncə verməyə hansı zabitin, yaxud həbsxana işçisinin cəsarəti çatar?
    Hər dəfə etiraz edəndə həbsxana rəhbərliyi işgəncənin, döyülmənin, söyüşün, təhqirin legitim və haqlı tədbir olduğunu israrla təkrarlayırlar. Bütün koridorlarda Ombudsmanın 916 qaynar xətti və Azərbaycan və ingilis dillərində “İşgəncəyə yox!” (“No to torture!”) şüarları vurulub. Məhbuslara işgəncələr isə elə bu plakatların altında verilir.
    Kanalda yayımlanan bütün videoların Müəlliflik hüququ Nurlan Libreyə məxsusdur.
    nurlan.jurnalist
    Çəkin göndərin yayımlayaq - Whatsapp/ Telegram: +994 55 785 20 93

Комментарии • 143